ABŞ və ATƏT prezidentin əfv sərəncamını alqışlayır
ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı vurğulanır. “Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə bəyanatda qeyd olunur.
Həmçinin ötən gün məhkəmə dövlətə xəyanət ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib.
ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanerva və ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İsabel Santos da Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 148 nəfərin azadlığa buraxılmasını alqışlayıblar. ATƏT PA prezidenti Azərbaycanda atılmış müsbət addımdan çox məmnun olduğunu bildirib.