MSK Cəmil Həsənlinin müraciətini təmin etmədi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclasda səsvermə prosesində aşkarlığın tam təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameraların istifadəsi təcrübəsinin tətbiqi haqqında danışan MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, quraşdırılan veb-kameralar bu il keçiriləcək prezident seçkilərində məntəqələrin 20 faizini, 119 seçki dairəsini əhatə edəcək. Yəni ümumilikdə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq. İclasda ADP və Ədalət partiyaları tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması, Ümid Partiyasından vəkil edilmiş şəxsin isə qeydiyyatının ləğvi məsələlərinə baxılıb və müvafiq qərarlar verib. MSK üzvü Validə Kazımova bildirilib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli MSK-ya müraciət edərək İctimai Televiziyada keçirilən debatlarda prezidentliyə namizəd Hafiz Hacıyevin Milli Şura üzvlərini açıq şəkildə hədələdiyini, onların şərəf və ləyaqətlərini təhqir etdiyini nəzərə çatdırıb və tədbir görülməsini istəyib. Müzakirələrdən sonra MSK Cəmil Həsənlinin müraciətini təmin etməyib.

 

Daha sonra çıxış edən Məzahir Pənahov deyib ki, seçki bülletenlərinin çapı və Dairə Seçki komissiyalarına çatdırılması prosesi yekunlaşıb. O bildirib ki, bülletenlərin çatdırılması prosesində heç bir qanun pozuntusuna yol verilməyib, bülletenlər qanunauyğun şəkildə DSK-lara çatdırılıb.

Müəllif | Apa.Tv