Avropa liderləri miqrantlarla bağlı qərar verdi - TÜRKİYƏNİN RƏYİ GÖZLƏNİLİR
Avropa İttifaqına daxil olan ölkələrin liderləri tərəfindən ittifaq dövlətlərinin qaçqın və miqrantlarla əlaqədar vahid mövqeyini əks etdirən sənədi qəbul edilib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, qəbul olunan sənədin detalları hələlik açıqlanmasa da, miqrant probleminin birdəfəlik həll edilməsi istiqamətində növbəti addımın Türkiyə hökuməti ilə bu günə təyin olunan danışıqlar olacağı bildirilir.
Öz növbəsində başlanacaq danışıqların yekun nəticəsini gözləmədən Almaniya əsas miqrant dalğasını qəbul etməkdə olan Yunanıstana dəstək göstəriləcəyini vəd edib: “Biz Yunanıstanın yalnız qeyri-leqal miqrantların Türkiyəyə geri qaytarılmasında deyil, eyni zamanda ölkənin qarşılaşdığı çətinliklər səbəbindən yardıma ehtiyacı olduğunu bilirik. Buna görə də Yunanıstana miqrasiya edən qaçqınların şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılmalıdır”.
Qeyd edək ki, Avropa İttifaqı ərazisindən xeyli sayda miqrantın deportasiya olunacağı ehtimalı hüquq-müdafiə təşkilatlarının da narahatlığına səbəb olub.