Oqtay Əsədov: “İşğal altındakı ərazidə nüvə tullantılarının basdırılması mümkündür”
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov əvvəlcə əfv sərəncamı ilə əlaqədar Milli Məclis adından prezidentə minnətdarlığını bildirib.
Daha sonra gündəliyin müzakirəsinə keçilib. Gündəliyə “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəliş edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsinə ayrı-ayrılıqda edilən dəyişikliklər və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi daxildir.
“Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyası ilə bağlı sənədi Milli Məclis sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib. O deyib ki, Konvensiya 1979-cu il oktyabrın 26-da qəbul olunub və 1980-ci il martın 3-dən qoşulmaq üçün açıqdır: “Biz həmin Konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. Daha sonra Konvensiyaya düzəlişlər qəbul edildi. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, fövqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və sair məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza uyğundur”.
Deputat Bəxtiyar Əliyev bildirib ki, Ermənistan öz atom elektrik stansiyasının tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır.
Deputat Hikmət Məmmədov qeyd edib ki, nüvə tullantılarının çaylar vasitəsilə Azərbaycana axıdılması, yaxud işğal zonasında basdırılması faktları davamlı şəkildə beynəlxalq təşkilatların nəzərinə çatdırılmalıdır: “Biz peykimiz vasitəsilə nüvə tullantılarının basdırıldığı həmin əraziləri dəqiqləşdirib, konkret sübutlarla beynəlxalq təşkilatlara müraciət etməliyik”.
Sədr Oqtay Əsədov deyib ki, Metsamor AES-lə bağlı məsələ bütün beynəlxalq təşkilatlarda, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyində qaldırılıb: “İşğal altındakı ərazidə nüvə tullantılarının basdırılması mümkündür. Amma təki biz o torpaqları qaytaraq, basdırılan tullantıları hara göndərməyi biləcəyik”.
Daha sonra sənəd səsə qoyularaq təsdiq olunub. Digər 3 qanun layihəsi də müzakirələrdən sonra qəbul edilib.