Avropa və Ankaranın 5 saatlıq miqrant müzakirəsi: Türkiyə 3 milyardını tələb edir
Avropa İttifaqı və Türkiyə miqrant məsələsində mövqelərini sərtləşdirib. APA TV-nin məlumatına görə, miqrant problemi ilə bağlı Türkiyə və İttifaq dövlətləri arasında aparılan danışıqların ilkin nəticələri məlum olub.
Ölkələr arasındakı ziddiyyətlər əsasən Türkiyə tərəfinin miqrantların qəbulunda beynəlxalq standartlardan imtina etməsi, eləcə də Türkiyənin İttifaqa üzv olması üzrə danışıqlara Yunan Kipri tərəfindən veto qoyulması məsələləri ilə bağlıdır. "Financial Times" qəzetinin məlumatına görə, müzakirələrin nəticəsi olaraq Brüssel Ankara ilə dialoq məsələsində özünün rəsmi mövqeyini açıqlayıb.
5 saat ərzində aparılan gərgin danışıqlar zamanı ittifaqa üzv olan ölkə liderlərinin mövqeyinin rəsmi Ankaranın sərgilədiyi mövqedən kəskin şəkildə fərqləndiyi ortaya çıxıb. Müzakirəyə çıxarılan sənədə əsasən Avropa İttifaqı rəsmi Ankaranı Türkiyəyə gələn miqrantların hüququnu beynəlxalq standartlara uyğun olaraq müdafiə etməyə çağırır. Öz növbəsində Türkiyə tərəfi isə ölkənin qaçqınlarla bağlı siyasətinə zidd olaraq qəbul ediləcək hər hansı dəyişikliklərin əleyhinədir.
Bəzi mənbələr isə keçirilən sammit zamanı miqrant məsələsində anlaşmanın ilkin variantının razılaşdırılmadığını, yalnız 28 ölkə liderinin mövqeyində prinsipial yaxınlaşmanın olduğunu bildirib. Belçikanın baş naziri Şarl Mişel isə Türkiyə ilə danışıqların sammitin ikinci günündə də davam etdirilə biləcəyini istisna etməyib.
Tərəflərin miqrant məsələsindəki ilkin mövqeyi hələ Avropa İttifaqının martın 7-də Türkiyə ilə fövqəladə toplantısında formalaşıb. Razılaşdırılması tələb olunan məsələlər ilk növbədə Türkiyəni tərk edərək, ittifaq ölkələrinə gedən miqrantların geri qaytarılması, eləcə də Ankaranın öz üzərinə ittifaq dövlətlərinə miqrant axınının məhdudlaşdırılması üzrə öhdəlik götürməsindən ibarətdir. Əvəzində isə Türkiyə ittifaqdan qaçqınların humanitar ehtiyaclarının ödənilməsi məqsədilə ona vəd edilən 3 milyard avronu tələb edəcək.
Qeyd edək ki, Avropa İttifaqının Statistika Xidmətinin açıqlamasına görə, Türkiyədən ilin əvvəlindən ittifaq ölkələrinə hər gün 2000 miqrant pənah gətirir.