Əfv sərəncamının icrası bitdi: Özbəkistan vətəndaşı Azərbaycan bayrağını öpdü
Azərbaycan prezidenti İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamı qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində və yetkinlik yaşına çatmayan məhkumlar üçün Tərbiyə Müəssisəsində icra olunub.
APA TV-nin xəbərinə görə, 4 saylı CÇM-dən Azərbaycan vətəndaşı Şəbnəm Bayramova və Özbəkistan vətəndaşı Mastura Xocayeva azad ediliblər.
Şəbnəm Bayramova deyir ki, evdə onu övladları gözləyir: "3 oğlum var, onlara qovuşdum. Çox sevincliyəm, bayram gününü evimizdə anamla keçirəcəyəm. 8 il 6 ay iş almışam, onun 4 il 10 ayını yatmışam, 3 il 8 ayını məni əfv edib. Sağ olsun!"
Özbəkistan vətəndaşı Mastura Xocayeva azadlığa çıxarkən Azərbaycan bayrağını öpüb. Bu addım zalda olanlar tərəfindən alqışlarla qarşılanıb: "Mən Azərbaycan prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, xəstəliyimi nəzərə alıb məni əfv elədi".
Yetkinlik yaşına çatmayan məhkumlar üçün Tərbiyə Müəssisəsindən isə Balakən rayon sakini Rəhman Kulayev azadlığa buraxılıb.
Tədbirdə iştirak edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilov bildirib ki, dövlət başçısının dünən imzaladığı əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil edilib. Onlardan 137-si müxtəlif rejimli CÇM-də cəza çəkənlər, qalanlar cərimə və islah işlərinə cəlb olunanlardır.
13 və 14 saylı cəzaçəkmə müəssisələrində də əfv sərəncamı icra olunub. 13 saylı cəzaçəkmə müəssisəsindən 24, 14 saylı cəzaçəkmə müəssisəsindən isə 8 nəfər azadlığa çıxıb.
14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxan 8 nəfərdən 2-si İran, 1-i Türkiyə, 1-i Rusiya, 1-i Gürcüstan olmaqla, 5 nəfəri xarici ölkə vətəndaşıdır.
Azadlığa çıxan məhbuslar ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
2, 17 və 9 saylı Cəzaçəkmə müəssisələrində də əfv sərəncamı icra olunub. 2 saylı cəzaçəkmə müəssisəsindən 16 nəfər azadlığa buraxılıb. Onlardan 14-ü Azərbaycan, 1-i İsrail, 1-i isə Pakistan vətəndaşıdır. Məhbuslara buraxılış vərəqələri təqdim olunub.
17 və 9 saylı müəssisələrdən isə ümumilikdə 6 nəfər azad olunub.
Şaiq Mustafayev iki ildən çoxdur həbsdə imiş: "4 il iş almışdım, 2 il 2 ay idi burdaydım. 1 il 8 ay qaldı, əfv elədilər. Təşəkkür edirəm prezidentimizə".
Azadlığa çıxanlar arasında "Nida" vətəndaş hərəkatının üzvü Məmməd Əzizov da vardı.
Qeyd edək ki, əfv olunanlar arasında ümumilikdə 16 xarici ölkə vətəndaşı olub.