Sabirabadda maskalı basqın: qarətçi ev sahibinin nəvəsi çıxdı

Sabirabadda nəvə babasının evinə quldur basqını edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 3.00 radələrində Sabirabad rayonunun Qalağayın kəndində, qeydə alınıb.

 

Kənd sakini, 1930-cu il təvəllüdlü Ələkbər Əsədovun yaşadığı evə girən iki maskalı şəxs onu və arvadı, 1956-cı il təvəllüdlü Sümbül Əsədovanı döyərək onlara ağır bədən xəsarətləri yetiriblər.

 

Sümbül Əsədovanın sözlərinə görə, gecə ərini yoxlamaq üçün qalxıb. Bu vaxt 1,80-2 metr hündürlüyündə qara maskalı şəxsi görüb. Həmin şəxs qadının ağzını tutaraq onu döyməyə başlayıb. Döyə-döyə ondan türkcə "Bana para lazım" deyirmiş. O da cavabında pullarının olmadığını deyib: "Məni əməlli-başlı döyürdü. Məqsədi məni öldürmək idi".

 

Maraqlı burasıdır ki, maskalı şəxslər qadını döysə də, onun əri ilə aqressiv davranmayıblar.

 

Ələkbər Əsədov bildirir ki, maskalı şəxslərdən birinin əlində 6 dənə adam boğmaq üçün naqil var idi: "Tutdum aldım əlindən. Dedim 88 manat təqaüd alıram, onu verim çıx get. Onsuz da mən qatıqla dolanıram. Bir inəyim var, onun qatığını satıb dolanıram. Təqaüdü verim, çıx get".

 

Onlar mənzili ələk-vələk etsələr də, heç nə tapmayıblar. Yalnız qocaların təqaüddən qalan 88 manat pulunu apara biliblər.

 

Hadisədən xəbər tutan Ələkbər Əsədovun qızı atasının yaşadığı evə basqında oğlunun iştirak etdiyini bilib və onu polisə təslim edib. Belə ki, oğlunun köynəyində qan ləkələrini görən ana ondan şübhələnib: "Anası burdadır. Dünəndən burda əsir-yesirdir. Evə gedib, oğlunun köynəklərinin qanlı olduğunu görüb. Öz əli ilə polisə təhvil verib"

 

Hadisəni törədən şəxslər - Ələkbər Əsədovun qız nəvəsi, 1992-ci il təvəllüdlü Ceyhun Afiq oğlu Qurbanov və onun əmisi oğlu, 1993-cü il təvəllüdlü Vüqar İlqar oğlu Qurbanov polis tərəfindən saxlanılıb. Onlar barəsində Sabirabad rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Sümbül Əsədova Ceyhun Qurbanovun babasının ikinci həyat yoldaşıdır.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı