Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1 illiyi qeyd olundu
Martın 18-də Heydər Əliyev Mərkəzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılmasının 1 illiyinə həsr olunan “Bakı Limanının dünəni, bu günü və sabahı: Hesabat” adlı tədbir keçirilib.
APA TV-nin məlumatına görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov Bakı Limanının fəaliyyətinin və uğurlarının əsasında prezident İlham Əliyevin siyasi iradəsinin, eləcə də dövlət başçısının onların fəaliyyətinə göstərdiyi yüksək etimadın durduğunu qeyd edib.
Tədbirdə QSC-nin son bir il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Nəqliyyat naziri Ziya Məmmədov çıxışında deyib ki, son illər ərzində davam edən qlobal iqtisadi böhran, eləcə də neftin qiymətinin aşağı düşməsi, iqtisadi fəallığın və ticarət dövriyyəsinin azalması ölkəmiz üçün müəyyən çətinliklər yaratsa da, qeyri-neft sektorunun inkişafının vacibliyini artırıb, o cümlədən nəqliyyat sahəsində daha fəaliyyətin daha yüksək səviyyə keçid almasına şərait yaradıb: "Hazırda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirakçı kimi çıxış edir. Məqsəd qeyri-neft sektorunun ən perspektivli sahələrindən olan nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək Azərbaycanın tranzit imkanlarını artırmaq və onun regionda əsas ticarət qovşağına çevirməkdir".
Ziya Məmmədov regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasının təmin ediləcəyinə diqqət çəkib: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC gələcəkdə yüklərin Çin, Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq" - deyən nazir əlavə edib ki, Azərbaycanda müasir avtomobil yollarının yaradılması ilə bağlı irimiqyaslı layihələrin icrası davam etdirilir. Bu layihələr "İpək Yolu"nun canlanmasına, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların artırılmasına şərait yaradacaq.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğunun Azərbaycan da daxil olmaqla regionda yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb etdiyini deyib.
“ADA” Universiteti mövzu ilə bağlı geniş elmi tədqiqat aparıb və nəticələrini əks etdirən “Azərbaycan Mərkəzi Asiyanın regional mərkəzi kimi” kitabını nəşr edib. Bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universiteti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə logistika sahəsində magistr proqramına başlayır”, - deyə səfir Hafiz Paşayev bildirib.
Sonra Bakı Limanına həsr edilən videoçarx nümayiş etdirilib.