Gürcüstandan Azərbaycana külli miqdarda psixotrop maddənin gətirilməsinin qarşısı alındı
Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda psixotrop maddənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısını alıblar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Qasımlı Ramin Rauf oğlunun idarə etdiyi “Mercedes Benz-250” markalı, 10 SP 952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxışdan öncə adıçəkilən vətəndaşdan üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməyən malların, qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olub-olmadığı soruşulub. O isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş predmetlərin olmadığını bildirib.
Bundan sonra hal şahidlərinin iştirakı ilə R.Qasımlımlının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcəyinin arxasından, yəni yanacaq çəni kəsilərək düzəldilmiş gizli saxlanc yerindən 10 min 80 həb “Xanax 0,5 mg” və 2070 həb “Rivotril” adlı dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.