Türkiyədə məşhur futbol klubunun əmlakı müsadirə edilir

Türkiyənin tanınmış futbol klubunun əmlakının müsadirəsinə başlanılıb.

 

APA TV-nin məlumatına görə, keçmiş kapitanı Sərvət Çətinin borcla bağlı iddiasından sonra icra məmurları “Mersin İdmanyurdu” klubunun bazasına gələrək, əmlakı siyahıya alıb. Müsadirə əməliyyatı jurnalistlərin iştirakı olmadan həyata keçirilib.

 

“Mersin İdmanyurdu” klubunun prezidenti Hüseyn Çalışqan jurnalistlərə bildirib ki, müsadirə işləri əvvəlki prezidentin dövründə “Çaykur Rizəspor” klubu ilə oyunla əlaqədar Sərvət Çətinə verilmiş 1 milyon 200 min lirəlik qəbzlə bağlıdır. Onun sözlərinə görə, bu vəsait yalnız Sərvət Çətinə yox, bütün futbolçulara aiddir: “Özünün bu pulda nə qədər payı var? 20 və ya 30 min. Bu pul bütün futbolçuların mükafatıdır. Komandanın kapitanı olduğu üçün qəbz ona verilib”.

 

Hüseyn Çalışqan bəyan edib ki, klubun müsadirə ediləsi heç bir əmlakı yoxdur: “Nəyi müsadirə edəcəklər? Öz dostlarının formasınımı müsadirə etdirəcək utanmadan?”

 

“Mersin İdmanyurdu” klubu bildirir ki, Sərvət Çətin müqaviləsi pozulduğuna görə bu yola əl atıb.

 

Sərvət Çətin isə deyib ki, “Mersin İdmanyurdu” klubundan indiyədək bir lirə də pul almayıb. Onun sözlərinə görə, bütün sənədlər əlindədir və komandadan pulunu almaq istəyir.

Müəllif | Apa.Tv
Apa.tv