Paris terrorunun əsas şübhəlisi tutuldu
Belçikanın paytaxtı Brüsseldə keçirilən əməliyyat nəticəsində Paris terrorunun əsas fiqurlarından olan Saleh Əbdüssəlam və daha dörd nəfər həbs edilib.
APA TV-nin xəbərinə görə, federal prokurorluğun nümayəndəsi bildirib ki, həbs edilənlər arasında Əbdüssəlamı evində saxlayan ailənin üç üzvü də var.
Əməliyyat zamanı “Paris terrorçusu” və daha bir şübhəli yaralanıb. Prokurorluq eyni ailənin həbs edilən üç üzvünün Saleh Əbdüssəlamı haradan tanıdığını və onların terror fəaliyyətində hansı rolu oynadığını açıqlamayıb.
Brüssel prokurorluğunun sözçüsü Erik Van Der Sirt saxlanılarkən Saleh Əbdüssəlamın silahlı olmadığını, lakin polisin tələbinə əməl etmədiyi üçün ayağından güllələndiyini bildirib.
Brüsseldə anadan olan 27 yaşlı Saleh Əbdüssəlamın Paris terrorunda özünü partladan Brahim Əbdüssəlamın qardaşı olduğu bildirilir. Bundan başqa, o, terror aktını planlaşdıran Əbdülhəmid Abaaoudun uşaqlıq dostudur.
Xatırladaq ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə eyni vaxtda bir neçə terror aktı törədilib. Hadisə zamanı 130 nəfər ölüb.
Terror aktından sonra bir neçə şübhəli şəxs tutulsa da, qanlı hadisələrdən dərhal sonra Belçikaya qayıdan Saleh Əbdüssəlamı tapmaq mümkün olmamışdı.