Bakıda Alman Birliyi Günü qeyd olundu

Bakıda Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi Günü qeyd olunub. APA TV-nin xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan hökuməti və xalqı adından Almaniya hökuməti və xalqını milli bayram münasibətilə təbrik edib: "Azərbaycan və Almaniya arasında sıx tərəfdaşlıq əlaqələri mövcuddur. Avropa İttifaqının ən qüdrətli dövləti olan Almaniya ilə əməkdaşlıq etmək Azərbaycan üçün çox önəmlidir və son illər əlaqələrin inkişaf dinamikası sevindiricidir".

 

Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətləri tənzimləyən 67 sənəd qəbul edildiyini vurğulayan Niyazi Səfərov bildirib ki, onlardan 30-dan çox sənəd iqtisadi əməkdaşlığa yönəlib. Nazir müavini deyib ki, bu ilin 9 ayı ərzində Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 10% çoxdur.

 

Niyazi Səfərov iki ölkə arasında maliyyə və texniki əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək Azərbaycanda 167 alman investisiyalı şirkətin fəaliyyət göstərdiyini deyib. O, səylərin artırılması ilə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Müəllif | Apa.Tv