"Telefonun zəng çalsın, deyim kimsən" - REPORTAJ
Əvvəllər məşhur bir deyim vardı - bir insanı tanımaq üçün gərək onunla yol yoldaşı olasan. Bu məsəl öz populyarlığını itirməsə də, texnoloji inkişaf ona bənzər yeni deyimin yaranmasına səbəb oldu. İndi insanın mobil telefonuna gələn zəng belə onun haqqında fikir söyləməyə imkan verir. Hazırda insanlar barəsində fikrin formalaşmasında onun geyimi və davranışı ilə yanaşı, həm də mobil telefonunun zəngi və ya çağırış siqnalı xüsusi rol oynayır. Qısacası, "Telefonun zəng çalsın, deyim necə adamsan".
Bəzən getdiyimiz tədbirlərin birində iştirak edən çox hörmətli bir adamın telefonunda elə bir zəng çalınır ki, o dəqiqə məclisdəkilərin nəzəri qeyri-ixtiyari olaraq həmin adama köklənir. Və ya əksinə, ətrafımızda elə insanlar var ki, telefonlarında zəng musiqisi görkəmli bir bəstəkarın əsəridir. Bəziləri də telefonlarında zəng səsi olaraq el arasında ara mahnıları kimi tanınan musiqi parçalarından istifadə edir.
Məsələyə müxtəlif yanaşmalar var. Daha bir faktor belə mahnıların dinləyicilər arasında populyarlaşmasında internetin rolunun artmasıdır. Çünki adətən məzmununa görə efirlərə buraxılmayan bu mahnılar müxtəlif internet saytlarına yerləşdirilir ki, bu da onların istifadəçilər arasında daha tez yayılmasına yol açır.
Mövzu ilə əlaqədar mütəxəssis rəyinə ehtiyac olduğundan, psixoloq Dəyanət Rzayevə müraciət etdik: "Hərdən görürsünüz ki, belə bir ara mahnılar olur. İndi mən reklam olmasın deyə, adlarını çəkmək istəmirəm. İlk öncə insanlar o mahnılara qulaq asanda hansısa bir kritika ilə, tənqidlə, sarkazmla qulaq asırlar və sonra bir-biri ilə başlayırlar paylaşmağa. O paylaşmanın əhəmiyyəti o deyil ki, bu yaxşı musiqidir, yaxşı mahnıdır. Bu bir ara mahnısıdır, söz yığınıdır. Heç bir məna daşımayan, heç bir formada nə insanın qəlbinə, nə insanın ruhuna təsir göstərməyən müəyyən bir zarafatyana mahnılardır. Amma görürsən ki, bu, insanların arasında başlayır yayılmağa. Bir də görürsünüz ki, "Youtube"da bu mahnıların baxış sayı gəlir milyona da çıxır. Məsələn, meyxanalar var ki, baxış sayı milyona gəlib çıxıb, halbuki orada heç bir ağıllı bir söz yoxdur, ağıllı bir tövsiyə və s. yoxdur, mənasız bir söz yığınıdır".
El arasında "ara mahnıları" kimi tanınan bu musiqi parçalarının insanların psixikasına, düşüncələrinə hər hansı formada təsirinə gəlincə, mütəxəssis belə mahnıların heç bir psixoloji təsirə malik olmadığını düşünür: "İnsanlar bu mahnıya nəyə görə qulaq asırlar? Bu mahnılar hansısa bir psixoloji təsirə malik deyillər, insanların əhval-ruhiyyəsini pozacaq qüvvəyə malik deyillər. Amma müvəqqəti olaraq, belə deyək də, necə ki biz sirkə gedirik, təlxəklərə baxırıq gülürük, hansısa bir satiraya baxıb gülürük, bu da satirik bir təlxək mahnısıdır, insanın bir neçə dəqiqəlik əhval-ruhiyyəsini qaldırır, bununla da unudulub gedir. Heç bir psixoloji təsirə malik olan mahnılar deyillər. Sadəcə, insanlar müəyyən daxili boşluqlarını belə bir zarafatlarla və s. doldururlar. Ancaq belə mahnılar uzunmüddətli olmur".
Telefonunuzda hansı musiqinin səslənməsindən asılı olmayaraq, daim xoş xəbərlər eşitməyiniz arzusu ilə