Azərbaycanda azarkeşlər futbol meydançasına girdilər - QALMAQAL
Futbol üzrə Azərbaycan çempionatının I divizionunun 18-ci turu çərçivəsində Qusarda oynanılan "Şahdağ" - "Ağsu" matçı qalmaqalla yadda qalıb.
APA TV-nin şimal bürosunun xəbərinə görə, oyun zamanı hakim Ağsu komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.
Şahdağ komandasının futbolçusu zərbəni dəqiq yerinə yetirib. Amma zərbədən sonra hakimin qırmızı vərəqə göstərdiyi futbolçunun meydançanı tərk etmədiyi məlum olub. Bundan sonra hakim 11 metrlik zərbənin təzədən vurulmasını istəyib. Bu dəfə qusarlı futbolçu topu qapıdan keçirə bilməyib. Bundan sonra futbolçular arasında mübahisə düşüb.
Bu zaman Ağsu komandasının futbolçularından biri tribunadakı azarkeşlərə qeyri-etik jest göstərib. Bu səbəbdən azarkeşlər meydançaya çıxıb, futbolçular isə qaçaraq canlarını qurtarıblar.
Oyunda fasilə yaranıb. Təxminən 20 dəqiqədən sonra oyun davam etdirilib və 1:1 hesabı ilə başa çatıb.