Taleh Ziyadov: "Ələtdəki azad ticarət zonası gələn ildən tam fəaliyyət göstərəcək"
Azad ticarət zonası 2017-ci ildən tam fəaliyyət göstərəcək. APA TV-nin məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Ələtdə yerləşən Bakı Limanında azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması barədə sərəncam bizim “hab” strategiyamızın əsas tərkib hissəsidir" - deyə Taleh Ziyadov qeyd edib.
Onun sözlərinə görə, bu sərəncam Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoyub, bu işə təkan verib: "Bakı Limanı İqtisadiyyat Nazirliyi ilə birlikdə 6 ay ərzində beynəlxalq mütəxəssisləri cəlb etməklə, hüquqi baza hazırlayacaq. Bu zonanın gələn ildən tam fəaliyyət göstərəcəyinə ümid edirik. Bununla da Ələtdəki azad ticarət zonası tipli xüsusi iqtisadi zona dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək".
Baş direktor əlavə edib ki, limanın sahəsi 400 hektardır və bu ərazinin 100-115 hektarında azad iqtisadi zona yaradılacaq. Əgər bu zonanın yaradılmasına 100-115 hektar ərazi kifayət etməzsə, o zaman Bakı Limanının sahəsini genişləndirilə bilər.