Bakıda Novruz yarmarkasından REPORTAJ

Martın 10-dan etibarən Novruz bayramı ilə əlaqədar İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən sahibkarlarla birlikdə Bakının müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil edilir.

 

APA TV-nin xəbərinə görə, yarmarkaların keçirilməsində məqsəd əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

 

Yolumuzu Xətai rayonu ərazisində - “Bakı” kinoteatrının yaxınlığında fəaliyyət göstərən bayram yarmarkasından saldıq. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib. Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı və ət məhsulları və s. satılır.

 

Novruz xonçasının əsas bəzəyi çərəzlərdən qabıqlı findığın 1 kiloqramının qiyməti 5-6, qabıqlı qozun qiyməti isə 3-4.50 manatdır. Qoz ləpəsi 10-14 manata, fındıq ləpəsi 15 manata, şabalıd isə 7-9 manata satılır. Quru meyvələrin qiymətinə gəlincə, əriyin 1 kiloqramı 4 manat, xurma 5 manat, gavalı qurusu 4 manat, alça qurusu 7 manat, qara və sarı ərik qurusunun 1 kiloqramı 7 manat, kişmişin kilosu isə 6-7 manat arası dəyişir. Əsasən İrandan gətirilən ədviyyatların qiymətində artım var. İstiot, sarıkök, cirə, razyana, darçın, hil və digər ədviyyatların qiyməti 1 manatdan 1.5 manata qalxıb.

 

Satıcı: "İydə 4 manat, innab 5 manat, xurma 5 manat. Ucuzluqdur, amma alıcı yoxdur".

 

Pomidor və xiyarın qiyməti 1 manat 30 qəpiyə, göyərtinin 6 dənəsi 1 manata təklif olunur. Almaların qiyməti isə sortuna görə fərqlidir, 80 qəpikdən başlayan qiymətlər 1.30 qəpiyədək dəyişir. Portağal 2 manata, naringi isə 1.20-1.50 manatadır. Tərəvəzlərdən kök 70-80 qəpik, kələm 30 qəpik, kartof 80 qəpik - 1 manat, soğan 80 qəpikdir. Digər kənd təsərrüfatı mallarına gəlincə, yumurtalar 11 qəpikdən satılır. Kənd yumurtası 15 qəpik, toyuqların biri 3 manatdır.

 

Alıcılar arasında qiymətdən razı olanlar da var, narazı qalanlar da:

 

- Yarmarkaların təşkilindən razıyam, amma qiymətlərdə cibimizə uyğun olanı da var, olmayanı da. Ötən ilki bayram qiymətləri ilə müqayisədə qiymətlər bahalaşıb.

 

- Bayram bazarlığına çıxmışıq, qiymətlər nə aşağıdır, nə də yuxarı. Demək olar ki, qiymətlərdə fərq var. Amma mən düşünürəm ki, ötən il bundan baha idi. Sadəcə, bu il pul yoxdur.

 

- Bahaçılıqdır, yalandan deyirlər ki, bazarla buranın fərqi var, amma bahaçılıqdır.

 

- Qiymətlər fərqlidir. Hər il bayram bazarlığını özüm edirəm. Ötən il bundan yaxşı idi, çünki dollar qalxmamışdı, manat sabit idi və bazarlıq eləmək də mümkün idi.

 

Qəssabxanalarda hazırda kiloqramı 8 manata satılan mal ətini yarmarkadan 5.5 manata almaq mümkündür. Qoyun ətinin kiloqramı isə 6 manatdır.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisi Süleyman Əhmədov APA TV-yə açıqlamasında bildirib ki, süni qiymət artımı ilə aparılan mübarizə tədbirləri nəticəsində 3 satıcı bazardan kənarlaşdırılıb: "Artıq səkkiz gündür kənd təsərrüfatı yarmarkası Xətai rayonu ərazisində davam edir. Nazirlik nümayəndələri səhər saat 8-dən axşam yarmarka bağlananadək nəzarət aparır. Yarmarkaya daxil olan ət və ət məhsulları Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri yoxlanılaraq satışa buraxılır. Ətin qiyməti 5-6 manat arasında dəyişir. Yerdə qalan məhsullar isə bazar iqtisadiyyatına uyğun olaraq bazarla tənzimlənir. Süni qiymət artımının qarşısını almaq məqsədilə nəzarət tədbirləri davam etdirilir. Fitosanitar Xidməti də digər məhsullara nəzarət edir".

 

Martın 20-dək davam edəcək yarmarkalar Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində təşkil olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı