Prezident: “Azərbaycanın başqa dövlətlərin qarşıdurma məkanına çevrilməsinə imkan verilməyəcək”
“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır”. APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, Novruz bayramı milli sərvətimizdir: “Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulub. Bu il müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi qeyd ediləcək. Müstəqilliyimizin ilk illərindəki çətinliklərin aradan qaldırılmasında Heydər Əliyev böyük xidmətləri var”.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparır: “Dünyada mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Biz çalışacağıq ki, xalqımızı bütün risklərdən qoruyaq, insanların rahat yaşayışını təmin edək. Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır, heç bir avantüraya qatılmır. Beynəlxalq məsələlərlə bağlı Azərbaycanın prinsipial mövqeyi var, Azərbaycan ədalətin, beynəlxalq hüququn tərəfindədir. Ölkəmizin başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilməsinə heç vaxt imkan verilməyəcək. Azərbaycan öz siyasəti ilə dünya miqyasında böyük hörmət qazanıb və bu hörmət getdikcə artır”.
"Dağlıq Qarabağ münaqişəsi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin biganəliyi ucbatından həll olunmayıb” - deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan mövqeyi beynəlxalq hüquqa, ədalətə əsaslanır: “Təmas xəttində üstünlük Azərbaycanın tərəfindədir”.
Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə ölkədə siyasi və iqtisadi islahatlar daha da dərinləşib, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması istiqamətində işlər görülür: “Gələcək fəaliyyət yeni iqtisadi model üzərində aparılacaq. Bu ilin ilk rübündə dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb. Gəlirlərin azalmasına baxmayaraq, maaş və pensiyalar 10 faiz artıb, bu isə dünyada böhran dövründə nadir haldır”.
Prezidentin sözlərinə görə, indi Azərbaycan böyük enerji və nəqliyyat layihələri həyata keçirir: “Bu layihələrin icrasından ölkəmiz siyasi və iqtisadi mənfəət götürəcək”.
İlham Əliyev qeyd edib ki, bu il multikulturalizm ili elan edilib. Azərbaycan bu sahədə də nümunə göstərib: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq. Bir daha demək istəyirəm ki, biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk. İnkişaf, müstəqillik, ləyaqət, prinsipial siyasət, xalqlararası münasibətlər, din-dövlət münasibətləri, energetika, nəqliyyat siyasəti - bugünkü Azərbaycanın reallıqları budur. Əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq. Azərbaycanın uğurlu inkişafı təmin ediləcək”.