Zaqatala və Şəki Sərhəd dəstələrində "Valideyn günü" keçirildi
Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsində “Valideyn günü” təşkil olunub.
APA TV-nin məlumatına görə, Sərhəd Dəstəsində xidmət edən əsgərlər Novruz bayramının sevincini valideynləri ilə birgə yaşayıblar.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri iştirak edib. Valideyn günündə qonaqlara öncə hərbi hissə barəsində məlumat verilib. Valideynlər əsgərlər üçün yaradılan xidmət və məişət şəraiti ilə yaxından tanış olublar.
Həqiqi hərbi xidməti dövründə xüsusilə fərqlənən əsgərlər Fəxri fərmanlarla, "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanı ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə və qiymətli hədiyyələrlə təltif olunub, onların valideynlərinə “Təşəkkür məktubları” təqdim edilib.
İncəsənət ustalarının iştirakı ilə təşkil edilən konsert proqramı, kəndirbazların maraqlı çıxışları, rəngarəng rəqslər əsgər və valideynlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Sonda valideynlər əsgər yeməkxanasında bayram süfrəsi arxasında övladları ilə birgə nahar edib.
Analoji tədbir Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsində də təşkil olunub. Burada Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin şəxsi heyətə təbrik məktubu oxunub, Novruz tonqalı alovlandırılıb. Xidmətdə fərqlənən əsgərlər fəxri fərmanla, döş nişanları ilə təltif olunub, valideynlərə isə “Təşəkkür məktubları” təqdim olunub.
Bayram tədbiri Novruz tonqalı ətrafında konsert proqramı ilə davam etdirilib.