Lənkəran Sərhəd Dəstəsində “Valideyn günü” keçirildi
Martın 19-da - Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində “Valideyn günü” keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, tədbirin əsas məqsədi valideyn-əsgər və hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsi, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılmasını təmin etməkdən ibarət olub.
Tədbirdən öncə valideynlərə hərbi hissə barədə məlumat verilib, həmçinin onlara əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Tədbirin rəsmi hissəsində DSX-nin nümayəndəsi, general-mayor Cavid Abdullayev və hərbi hissə komandiri, polkovnik Zaur Zeynalov çıxış ediblər. Çıxışlarda ölkə sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, DSX-nin səmərəli iş fəaliyyəti, əldə olunan uğurlar barədə ətraflı söz açılıb.
Görüşdə çıxış edən valideynlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Valideynlər hərbi hissədə yaradılan xidmət və məişət şəraitindən razılıqlarını dilə gətiriblər.
Rəsmi hissə zamanı xidməti müddətində fərqlənən sərhədçilərə fəxri döş nişanı, qiymətli hədiyyələr, fəxri fərman və diplomlar verilib, həmçinin valideynlərə təşəkkür məktubları təqdim olunub.
Mərasimin sonunda hərbi hissənin özfəaliyyət kollektivinin və müğənillərin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.