Deputatımız AŞPA-da Qarabağ həqiqətlərindən danışdı
Oktyabrın 3-də AŞPA sessiyasının plenar iclasında Böyük Britaniyalı parlamentar Gim Şeridan və Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer tərəfindən hazırlanmış “Avropa münaqişələri nəticəsində itkin düşmüş şəxslər - humanitar cavab axtarışında uzun yol” adlı hesabat Assambleya iştirakçılarının müzakirəsinə təqdim olunub.
Hesabatın müzakirəsi zamanı Yunan və Kipr deputatları Türkiyə hökumətindən xahiş ediblər ki, Avropa münaqişələri zamanı itkin düşmüş şəxslərin uğurlu axtarışını təmin etmək məqsədilə Türkiyədə yerləşən hərbi bazalara və hərbi arxivlərə müvafiq qaydada buraxılış yaradılsın.
APA TV-nin xəbərinə görə, bu məsələnin müzakirələri zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hazırda hələ də 4035 şəxsin itkin düşdüyünü misal gətirib.
Azərbaycanlı millət vəkili oktyabr ayının 2-də Assambleya qarşısında çıxış etmiş Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra faktları dandığını, gizlətdiyini və Azərbaycana qarşı böhtan xarakterli məlumatlar verdiyini bildirib. S.Qafarova bildirib ki, S.Sərkisyan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş 4 qətnaməsinin (822, 853, 874, 884) güya ki Azərbaycana qarşı qəbul olunduğunu bildirməklə, faktları danıb və Azərbaycana böhtan atıb. Xanım Qafarova S.Sarkisyanın yalan danışdığını və bu yalanı sübut etmək məqsədilə sözügedən qətnamələrdən sitat gətirib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə dair konkret məlumatları Assambleya iştirakçılarının diqqətinə çatdırıb.