Rövnəq Abdullayev: "Məqsədimiz bütün kəndləri qazla təmin etməkdir"
Oğuzun Böyük Söyüdlü kəndində təbii qazın verilməsi ilə bağlı tədbir keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə SOCAR rəhbərliyi, Oğuz Rayon İcra Hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, rayon mərkəzindən 50 km ucqarda yerləşən Böyük Söyüdlü kəndində 271 abonent var. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 271 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
SOCAR prezidenti Rövnəq Abdullayev kənd sakinlərini Novruz bayramı və Böyük Söyüdlü kəndinin ilk dəfə qazlaşdırılması münasibətilə təbrik edib. O, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. R.Abdullayev qeyd edib ki, respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək: "Oğuz rayonunda bir il bundan qabaq 30 faiz qazlaşma var idisə, bu ilin axırına kimi 80 faizdən yuxarı qazlaşma olacaq. Bu, cənab prezidentin göstərişi ilə həyata keçirilən sosial layihədir. Bu sosial layihə 2018-ci ilə kimi davam etdiriləcək. Rayon mərkəzlərinin hamısı 100 faiz qazlaşıb. Məqsədimiz bütün kəndləri qazla təmin etməkdir".
Qeyd edək ki, Oğuzun 34 yaşayış məntəqəsindən artıq 18-i qazlaşdırılıb. Hazırda rayonun Qarabulaq, Xaçmaz, Tərkeş və Xaçmaz-qışlaq kəndlərində bu istiqamətdə ardıcıl iş aparılır.