Bakıda toya hazırlaşan qızın cehizi külə döndü
Ötən gün Bakının Səbail rayonunda ev yanıb. APA TV-nin məlumatına görə, yanğın rayonun 20-ci sahə deyilən ərazisində, Yüzbəy Mürsəlov küçəsi ev 21, mənzil 29-da qeydə alınıb.
Yanğını görən qonşular Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vuraraq məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər genişlənən yanğının qarşısını tez bir zamanda alıblar. Yanğın zamanı evin 35 kv. metri içərisində olan əşyalarla birlikdə tamamilə yanıb.
Zərərçəkən Abbas Abbasovun sözlərinə görə, yaxın vaxtlarda bacısı ailə həyatı quracaqmış. Toy üçün görülən tədarüklər, 3 min manat pul və ailə həyatı qurmağa hazırlaşan bacısının cehizi yanaraq külə dönüb: "Saat 12-də evə gəldim. Uzanıb televizora baxırdım. Sonra anamla danışdım ki, bəs mən yatıram. İşıqların hamısını söndürüb yatdım. Saat 3-4 radələrində tüstüyə oyandım, boğulurdum. Gördüm pəncərənin qarşısını alov götürüb. Qonşu sağ olsun, gəlib məni xilas elədi".
Yanğının səbəbini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsi araşdırır.