Bakıda dəhşətli qəza: sürücü maşında yanıb öldü
Ötən gecə Bakıda baş verən ağır qəzada sürücü yanaraq ölüb. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.
Prospektlə sürətlə hərəkət edən "Chevrolet" markalı avtomobil Beynəlxalq Sığorta Şirkətinin binasına çırpılıb. Zərbənin təsirindən sığorta şirkətinin daşdan hörülmüş pilləkənləri dağılıb. Daha sonra avtomobil yanmağa başlayıb. Maşının ön hissəsi tamamilə sıradan çıxdığından, sürücü sükan arxasında sıxışıb. Avtomobili tərk edə bilməyən sürücü yanaraq can verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanan avtomobil söndürülüb. Daha sonra xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə yanan avtomobildən sürücünün meyitini çıxarmağa müvəffəq olublar.
Olay yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub. Polisdən verilən məlumata görə, sürücünün üzərində sənəd olmadığından, onun kimliyini müəyyən etmək mümkün olmayıb. Avtomobilin 90 VR 913 dövlət nömrə nişanının yol polisinin "bord kompüteri"ndə axtarışı zamanı onun Əhmədov Nicat Mehrab oğluna aid olduğu üzə çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.