Obamanın Kuba səfərində kuryoz: əlini Kastronun çiyninə qoya bilmədi

ABŞ prezidenti Barak Obamanın Kuba səfəri Ağ Ev rəhbəri üçün arzuedilməz hadisə ilə yekunlaşıb.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, ABŞ prezidentinin Kuba lideri Raul Kastro ilə birgə mətbuat konfransı zamanı iki lider arasındakı münasibətlərin heç də Obamanın düşündüyü kimi yaxın olmadığı ortaya çıxıb.

 

Mətbuat konfransında yaşanan hadisə isə münasibətlərin səviyyəsini bir daha büruzə verib. Belə ki, liderlərin əl sıxışması zamanı Barak Obama əlini dostcasına Raul Kastronun çiyninə qoymaq istəyib, lakin bu, Kuba rəhbərinin ürəyincə olmayıb və Raul Kastro ABŞ liderinin əlini tutaraq havaya qaldırıb. Barak Obama bir neçə saniyə onun üçün gözlənilməz vəziyyətdə qalmalı olub və bu anlar kameraların yaddaşına düşüb.

 

Birləşmiş Ştatlar prezidentinin səfərində gözdən qaçmayan daha bir məqam Kuba prezidentinin onu qarşılamaq üçün hava limanına gəlməməsi olub ki, bu da analitiklərin Kuba ilə ABŞ arasında barışığın əldə olunacağı məsələsinə ironik yanaşmasına yol açıb.

 

Qeyd edək ki, Barak Obamanın Kubaya səfəri onilliklər boyunca ABŞ prezidenti səviyyəsində gerçəkləşdirilən ilk səfərdir. Bu ziyarət eyni zamanda 2014-cü ilin oktyabrından bəri tərəflər arasında başlanan barışıq prosesinin davamı kimi də dəyərləndirilir. Məhz həmin tarixdən Birləşmiş Ştatlar Havanaya qarşı yeritdiyi siyasətin yanlış olduğunu etiraf edərək, normallaşma prosesinə start verib.

Müəllif | Apa.Tv
Apa.tv