Moskva həyəcan içində: polis xüsusi rejimə keçdi
Moskva polisi Brüsseldə törədilən və çoxsaylı insan tələfatına səbəb olan terror hadisələri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Moskva şəhər Daxili İşlər İdarəsinin rəisi Anatoli Yakunin bildirib.
O deyib ki, hazırda esktremizm, millətçilik və ksenofobiya meylləri Moskva kimi meqapolis üçün əsas təhlükələr hesab olunur. A.Yakunin həmçinin 2015-ci ilin sentyabr ayında Rusiyanın Suriyada hərbi əməliyyatlara başladığı tarixdən etibarən Moskvada terror təhlükəsinin səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb, bu cür hadisələrin baş verməsini əngəlləmək üçün patrul növbətçilərinin sayının artırıldığını, o cümlədən, əcnəbi vətəndaşların daha çox olduqları məkanların müəyyənləşdirildiyini bildirib.
İdarə rəisi eyni zamanda Belçikada ötən gün yaşanan terror hadisələrindən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyini də qeyd edib.