Maqsud İbrahimbəyov I Fəxri Xiyabanda dəfn edildi
Bu gün Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, vida mərasimində mərhumun qardaşı Rüstəm İbrahimbəyov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimini giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar açıb. O bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: “Biz 56 il bundan qabaq Maqsudla tanış olmuşuq. Birlikdə ssenari kurslarını bitirmişik. Amerikadan Çinə qədər səfərlərdə olmuşuq. Maqsud “60-cılar” nəslinin layiqli nümayəndələrindən idi. Artıq “60-cılar” nəslinin yarpaq tökümü başlayıb. Bizim xalq istedadlı xalqdır. Yenə yaxşı şairlər, yaxşı yazıçılar yetişəcək. Amma heç vaxt ikinci Maqsud olmayacaq. Biz Maqsudla bir yerdə sevinmişik, bir yerdə gülmüşük. Bu gün Maqsudun müəllifi olduğu əsərlərin oynandığı teatrda onunla vidalaşırıq. Biz yaşadıqca, Maqsud da yaşayacaq”.
Akademik, millət vəkili Rafael Hüseynov qeyd edib ki, Maqsud İbrahimbəyovun povestləri, esseləri gələcəkdə də yaşayacaq.
Xalq artisti Azərpaşa Nemət bildirib ki, Maqsud İbrahimbəyovun əsərlərinin mərkəzində özü dayanıb: “Bu gün Maqsud danışmasa da, onun ruhu bizi duyur. Mənə elə gəlir ki, Maqsudla vidalaşmırıq, “gələn görüşlərədək” deyirik”.
Mərhumun oğlu Murad İbrahimbəyov mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana yola salınıb.
Qeyd edək ki, Maqsud İbrahimbəyov martın 22-də 81 yaşında vəfat edib.