Üç piyadanı öldürdü, hadisə yerindən qaçdı - LƏNKƏRAN DƏHŞƏTLİ QƏZA
Lənkəranda 3 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən axşam saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara rayon sakini, 20 yaşlı Xansu Əlizadə idarə etdiyi VAZ-21099 markalı, minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan Lənkəran şəhər sakinləri - 21 yaşlı Əli Cəbrayılov, 37 yaşlı İmran İsmayılov, 28 yaşlı Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətlərindən ölüblər.
"VAZ-21099"un sərnişini, Astara rayon sakini, 29 yaşlı Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 25 yaşlı Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər.
Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinlərdən ikisi - Astara sakinləri 19 yaşlı Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerini tərk ediblər. Rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.