Belçikanın atom-elektrik stansiyaları terror təhlükəsi ilə üz-üzə!

Belçikada yerləşən iki atom-elektrik stansiyaları terror təhlükəsi qarşısındadır.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, ölkədəki «Tianj» və «Dul» atom-elektrik stansiyalarının terrorçuların növbəti hədəfi ola biləcəyi riski artmaqdadır.

 

Mövcud təhlükə ilə əlaqədar hər iki stansiya əməkdaşlarının bir hissəsi ərazidən təxliyə edilib, stansiyanın ərazisində hərbçilər yerləşdirilib.

 

Bununla belə, atom-elektrik stansiyalarına yoxlama prosesindən keçməyən şəxslərin daxil ola biləcəyi riski hələ də qalmaqdadır.

 

Qeyd edək ki, hələ ötən il «Dul»  stansiyasında üç il boyunca sonradan Suriyadakı hərbi əməliyyatlarda iştirak edən islamçının çalışdığı məlum olub. O, sözü gedən obyektdəki avadanlıqların standartlara uyğunluğuna cavabdehlik daşıyıb.

 

Sonradan stansiya əməkdaşı olmayan bu şəxsin obyekt ərazisindəki istənilən nöqtəyə sərbəst şəkildə daxil ola bildiyi açıqlanıb.

 

Hazırda Belçika hüquq-mühafizə orqanları tərəfindən hər iki stansiya əməkdaşlarının şəxsiyyətləri ciddi şəkildə araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv