Moskvada Kerri-Lavrov görüşü keçirilir
Moskvada ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü başlayıb. APA TV-nin məlumatına görə, görüşün əvvəlində çıxış edən Sergey Lavrov amerikalı həmkarı ilə Suriya böhranı, Ukrayna problemi və beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzularını müzakirə edəcəklərini deyib. Lavrov əlavə edib ki, bu mövzulardan başqa Rusiya-ABŞ ikitərəfli münasibətlərinin müzakirə edilməsi də çox vacibdir. O müzakirələrdə ortaq nöqtələrin tapılacağına əminliyini vurğulayıb.
Con Kerri isə Moskvaya üçüncü dəfə səfər etdiyini xatırladıb və bu görüşlərdə gələcək planlarla bağlı müəyyən yanaşmaların ortaya çıxdığını deyib. Tərəflərin müzakirə olunan mövzularda heç də həmişə ortaq nöqtələr tapmadığını deyən Kerri əmin olduğunu bildirib ki, bu gün keçirilən danışıqlarda pozitiv razılaşmalar əldə olunacaq.
Xatırladaq ki, Con Kerri Moskvaya iki günlük səfərə gəlib. O Sergey Lavrovla görüşdən sonra alman həmkarı Ştaynmayerlə də görüşəcək.