Gəncədə reyd: 7 sərxoş sürücü saxlanıldı, 20-si cərimələndi
Bayram tətili günlərində Gəncədə Dövlət Yol Polisinin (DYP) əməkdaşları reyd keçirib. APA TV-nin məlumatına görə, qayda pozan sürücülərə protokollar tərtib olunub, bəzi avtomobillər isə cərimə meydançasına aparılıb. Əsasən şəhərin Gülüstan və Poçt qəsəbələrində keçirilən reyddə xeyli sayda qayda pozan sürücü aşkarlanıb. Reyd zamanı 7 sərxoş, habelə avtomobilin ön, arxa, yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü müəyyən edilib. Nəticədə 8 maşın cərimə meydançasına aparılıb, 20 sürücüyə inzibati protokol tərtib olunub.
Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin əsasən gənclər olması hallarına da rast gəlinib.
Qeyd edək ki, Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən reydlər tətil günlərində mütəmadi olaraq keçirilir.