Rusiyaya qarşı sanksiyalar davam edəcək - ABŞ-IN UKRAYNA ŞƏRTİ


ABŞ-ın dövlət katibi Con Kerri Moskva səfəri zamanı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi üçün rəsmi Vaşinqtonun irəli sürdüyü tələbləri bir daha xatırladıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə C.Kerri Rusiya tərəfindən Minsk razılaşmalarının yerinə yetirilməsinin sanksiyaların aradan qaldırılmasında əsas şərt olduğunu diqqətə çatdırıb.

"Mən prezident Barak Obamanın sanksiyaların Ukrayna ərazisindən rus qoşunlarının çıxarılması və Ukrayna sərhədlərinin suverenliyinin özünə qaytarılmasından sonra aradan qaldırılacağı ilə bağlı mövqeyni bir daha xatırlatdım" - deyə o, mətbuat konfransı zamanı bildirib.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Rusiyanın Minsk razılaşmalarına alternativin olmadığı məsələsində eyni mövqedən çıxış etdiklərini bəyan edib.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən və ayrı-ayrı şəxsləri, eyni zamanda Krımda fəaliyyət göstərən şirkətləri, eləcə də müxtəlif iqtisadi sahələri əhatə edən sanksiyalar 2015-ci ilin dekabr ayından tətbiq edilməyə başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv