İranın "Total" neft siyasəti: Fransa şirkəti ilə razılaşma - HASİLAT ARTACAQ


Fransanın "Total" şirkəti ilə İran arasında bu ölkənin İraqla sərhədində yerləşən "Cənubi Azadegan" neft yatağının birgə işlənməsi ilə bağlı müqavilə imzalanıb. APA TV-nin "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın neft naziri Bijan Zəngani açıqlama verib.

İranlı nazir "Total" rəsmiləri tərəfindən ölkənin iri neft yataqlarından birinin işlənməsi imkanlarının nəzərdən keçirildiyini qeyd edib. Ölkələrin həmçinin öz aralarında müqavilə şərtlərinin gizli qalacağını razılaşdırdığı da bildirilib. "Total" şirkətindən isə İranla razılaşmanın imzalanması ilə bağlı hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, daha öncə danışıqların gedişində hər iki tərəf sözü gedən layihəyə yatırılacaq sərmayənin həcmini 5 milyard dollar dəyərində qiymətləndirirdi. Layihənin işə düşməsindən sonra hasilat həcminin sutkada 210 min barel təşkil edəcəyi, növbəti mərhələdə isə göstəricinin sutka ərzində 320 min barelə çatdırılacağı hədəflənir. Hazırda isə "Cənubi Azadegan" layihəsinin ikinci mərhələsində buradan sutkada 110 min barel neft hasil edilir. Xatırladaq ki, 2015-ci ilin iyul ayında İranla altılıq ölkələri arasında nüvə məsələsində razılıq əldə olunub. Danışıqlar yekun nəticədə İran tərəfindən nüvə proqramının dinc məqsədlərə yönəldiyi isbatlandıqdan sonra BMT, Birləşmiş Ştatlar və Avropa İttifaqının bu ölkəyə tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının tamamilə ləğvinə gətirib-çıxaracaq birgə planın qəbul edilməsi ilə nəticələnib.

Yanvarın 16-da Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin ekspertləri İranın nüvə proqramına dair yekun hesabat təqdim edib. Bunun ardınca Avropa İttifaqı və ABŞ İran üzərindən sanksiyaların götürüldüyünü elan edib. Bu addımlardan sonra isə rəsmi Tehran neft hasilatının səviyyəsini sutkada 500 min barelə çatdırılması barəsində göstəriş verib.

Müəllif | Apa.Tv
Apa.tv