17 sürücü cəzalandırıldı: Göygöldə reyd


Göygöldə rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib. APA TV-nin qərb bürosunun məlumatına görə, Yol Patrul Xidməti və Post Patrul Xidmətinin əməkdaşlarının birgə keçirdiyi reyd rayonun giriş və çıxışlarında, eləcə də Heydər Əliyev prospektində baş tutub. Reydin keçirilməsinin məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub. Reyd zamanı avtomobilləri sənədsiz və sərxoş halda edən, sürət həddini aşan, ötmə qaydalarını pozan sürücülər aşkar edilib. Məlum olub ki, sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin əksəriyyəti gənclərdir. Belə sürücülərin avtomobili sənədsiz idarə etməklə yanaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozması müəyyən olunub. Göygöl rayon DYP bölməsinin rəis əvəzi Azər Şabanovun verdiyi məlumata əsasən reyd zamanı 17 nəfər sürücüyə müxtəlif qayda pozuntularına görə cərimə protokolları tərtib olunub.

 

"Reydimizin məqsədi sərxoş sürücülərə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı mübarizə aparmaqdır. Tədbirlərimiz mütəmadi olaraq gələcəkdə də davam etdiriləcək. Sürücülərə tövsiyəmiz ondan ibarətdir ki,  sürücülər nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinlər".

 

Qeyd edək ki, reydlər martın sonuna kimi davam edəcək. 

Müəllif | Apa.Tv
Apa.tv