Lənkəranda maşın ağaca çırpıldı, sürücü öldü

Lənkəranda ölümlə nəticələnən ağır yol  qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə martın 25-də saat 16.00 radələrində  Lənkəran-Lerik şosesinin rayonun Darquba kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb.

 

Lənkəran şəhər sakini,  23 yaşlı Nəriman Seyran oğlu Məmmədlinin idarə etdiyi "VAZ-21015" markalı  minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Güclü zərbədən çoxsaylı bədən xəsarətləri alan sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

Qəzanın sürücünün sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avto-texniki ekspertizanın yekun rəyindən sonra  məlum olacaq.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv