Ərdoğan: "Belçika hakimiyyəti səriştəsizdir"
Belçika parlamentində deputatlar və aparıcı nazirlər arasında Brüsseldəki terror aktı ilə bağlı diskussiyalar keçirilib. APA TV-nin məlumatına görə, müzakirələrdə deputatlar hökuməti və xüsusi xidmət orqanlarını martın 22-də baş vermiş terror aktının qarşısını ala bilməməkdə ittiham ediblər.
Əsas ittihamlardan biri bu olub ki, Türkiyə xüsusi xidmət orqanlarının Brüssel terrorunun əsas iştirakçılarında olan İbrahim əl-Bakrauinin terror əlaqələri barədə xəbərdarlıqlarına baxmayaraq, o, Belçikada rahatlıqla azadlıqda gəzirmiş.
Xarici işlər naziri Didye Reynders müzakirələr zamanı bildirib ki, Türkiyənin Xarici İşlər Nazirliyi özünün elektron portalında əl-Bakrauinin Amsterdama deportasiya edildiyi barədə məlumat yerləşdirib. Lakin deportasiyanın motivi göstərilməyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə növbəti dəfə Belçika hökimətini tənqid edib. O, Brüsseli səriştəsizlikdə günahlandırıb.
"Bu cür aciz hakimiyyətlər var. Qaziantepdə biz yaxaladıq, deportasiya etdik. Göndərdik, amma lazım olan tədbirləri görməyib azadlığa buraxdılar. İndi verin hesabını".
Belçika hakimiyyətinin cavabı, daha doğrusu, əks ittihamı özünü çox gözlətməyib. Rəsmi Brüssel Ərdoğan hakimiyyətini daha çox avtoritarlaşmaqda günahlandırıb.