Füzuli Ələkbərov yerli strukturlardan narazı olan vətəndaşları qəbul etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakıda bir qrup vətəndaşı qəbul edib. Vətəndaşların müraciətləri araşdırılarkən ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması məsələlərlə bağlı qanunvericilik barədə ayrı-ayrı vətəndaşların məlumatsız olduqları müəyyən edilib və onlara hüquqi izahatlar verilib. Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi müəyyən edilib. Nazir Füzuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi barədə müvafiq strukturlara tapşırıqlar verib.
Nazirliyin aparat rəhbəri Elnur Kələntərov jurnalistlərə açıqlamasında bildirib ki, nazirin bugünkü qəbulu qrafikdən kənardır. Bir qrup vətəndaş qəbul edilərək onlara maşın, əlil arabası və mənzil verilib: "Ümumilikdə bu il ərzində müxtəlif bölgələrdə 12 dəfə vətəndaş qəbulu olub və 800 -ə yaxın vətəndaş dinlənilib, problemləri həll edilib".
Qeyd edək ki, qəbulda paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, Sabunçu, Xətai, Xaçmaz, Ağcabədi, Ağdaş, İmişli və Qobustan rayonlarının sakinləri iştirak edib.