Şəkinin Biləcik kəndinə qaz verilib
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şəkinin daha bir kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak edib. APA TV-nin məlumatına görə, Şəki rayonunun İkinci Biləcik kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə təşkil edilmiş tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin nümayəndələri, rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, 300 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 280 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 300 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.