Göyçayda DƏHŞƏTLİ YANĞIN: 15 baş inək yanaraq tələf oldu, bir nəfər də yanıq xəsarəti aldı

 

Göyçay rayonunda tövlə və xeyli sayda mal-qara yanaraq tələf olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əhməd Cavad küçəsində qeydə alınıb. Rayon sakini 1964-cü il təvəllüdlü Mustafayeva Şəkurə Əliqulu qızına məxsus evin həyətindəki mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 84 kvadratmetr olan tövlə tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı tövlənin içərisindəki 10 baş inək və 5 baş buzov, damındakı 5 ton ot yanaraq tələf olub. Hadisə zamanı ev sahibinin qızı 1985-ci il təvəllüdlü Mustafayeva Nərgiz Fizuli qızı yanıq xəsarətləri alaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Yanğın zamanı ev sahibinə 10 min manatdan çox maddi ziyan dəyib.

Yanğınsöndürənlər tövlədən 4 baş iri buynuzlu heyvanı xilas ediblər və alovun yaxınlıqdakı evə və digər tikililərə keçməsinin qarşısını alıblar. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov