Abşeronda yük maşınlarını qarət edənlər tutuldu

Abşeron Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında dayan "Shacman"  markalı yük avtomobillərinin akkumlyatorlarının oğurlanması barədə məlumat daxil olub. Zərərçəkənlərin müraciəti əsasında rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 nəfərdən ibarət cinayətkar dəstənin 3 üzvü - Ceyhun Məhərrəmov, Əhməd Bəylərov və İsa Ağayev saxlanılıb. Dəstə üzvləri 10 gün ərzində Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən ümumilikdə 20 yük maşınının akkumulyatorunu oğurlayıblar.

 

Dəstə üzvlərindən olan 31 yaşlı Ceyhun Məhərrəmovun sözlərinə görə, o sürücü kimi Əhməd və İsaya kömək edib.

 

Cinayətkar dəstənin digər üzvü 25 yaşlı Əhməd Bəylərov isə oğurluq planının Ceyhundan gəldiyini bildirib.

 

Dəstənin üçüncü üzvü, əvvəllər də Cinayət Məcəlləsinin 120 - adamöldürmə maddəsi ilə məhkumluq həyatı yaşayan İsa Ağayev isə ümumiyyətlə oğurluq hadisəsi zamanı heç bir iş görmədiyini, sadəcə Əhməd və Ceyhunun yanında dayandığını deyib.
 

Artıq faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Dəstənin digər üzvünün tutulması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv