İordaniya kralı: "Türkiyə qəsdən Avropaya terrorçular göndərir"
"Türkiyə rəhbərliyi İŞİD terrorçularını düşünülmüş şəkildə Avropaya göndərir". APA TV-nin İndependent qəzetində yayımlanan məqaləyə istinadən məlumatına görə, bu açıqlamanı İordaniya kralı I Abdulla ABŞ Konqresinin nümayəndələri ilə görüşündə verib.
Kral iddia edib ki, Türkiyə İŞİD-dən neft alır və Suriyada dini zəmində qarşıdurmaların gərginləşməsində maralıdır.
"Türkiyədə terrorçular yetişdirilir və onlar Avropa ölkələrinə göndərilir. Bu rəsmi Ankaranın hazırda tutduğu siyasi xətdir. Türkiyə Suriyadakı böhranın dini zəmində həllinə çalışır. İordaniya isə bunun əleyhinədir", - deyə kral əlavə edib.
İddianın müəllifi qeyd edir ki, kral bu bəyanatlarla bu ilin yanvar ayının 11-də çıxış edib. Amma indiyə qədər bu barədə hər hansı mənbə məlumat verməyib.
Rəsmi Əmman və Ankaranın müttəfiq olmalarına baxmayaraq iki ölkə arasında qaçqın problemi ilə əlaqədar narazılıqlar var.
İordaniya kralının miqrant axının qarşısının alınması ilə əlaqədar Avropa İttifaqının Türkiyəyə böyük məbləğdə maliyyə yardımı təkliflərini və Ankara ilə qitə ölkələri arasında diplomatik əlaqələrin inkişafını qəbul edə bilmədiyi iddia edilir.
Xatırladaq ki, Türkiyə əhalisinin iordaniyalılardan təxminən 10 dəfə çox olmasına baxmayaraq krallığın daha çox qaçqın qəbul etdiyi deyilir.