Rudolf Culiani: "İŞİD-i Hillari Klinton yaradıb"
"Hillari Klinton İŞİD-in yaradılmasında iştirak edən ən başlıca fiqurlardan biridir". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu iddia ilə Nyu-Yorkun keçmiş meri Rudolf Culiani çıxış edib.
"Hazırda ABŞ prezidentliyinə Demokratlar partiyasından namizədlərdən biri İŞİD terror təşkilatının yaradılmasında əsas təşkilatçılardandır. Bu Hillari Klintondur", - deyə sabiq mer bildirib.
O, qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun İraqa müdaxiləsi və Suriyanın daxili işlərinə qarışması regionda şiələrin radikallaşmasına gətirib çıxarıb və bu İŞİD-in yaranmasına səbəb olub.
"Hillari Klinton da baş verənlərdən kənarda qalmayıb və bu, onu deməyə imkan verir ki, o, terror qruplaşmasının yaradılmasında maraqlı olub. Xanım Klinton Amerika hərbçilərinin İraqdan çıxarılması barədə qərar verilməsi prosesində yaxından iştirak edib. O, eyni zamanda baş nazir Nuri əl-Malikinin İraqı məhv etməsində də iştirak edib və elə buna görə də şiələr hər hansı bir qərar qəbul etmək məcburiyyətində qalıb. Bundan əlavə, Hillari Klinton Suriyaya vaxtında müdaxilə edilməsi qərarının ləngiməsində də rol oynayıb".