İŞİD hədələdi: "Brüssel hücumları hələ başlanğıcdır"
Belçikanın paytaxtı Brüsseldə törədilən qanlı terror hadisələrinin ardınca İŞİD növbəti dəfə Avropa ölkələrini təhdid edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir gün əvvəl İŞİD təhdid dolu növbəti videomaterial yayıb.
Görüntülərdə əslən Belçikadan olan terrorçu paytaxt Brüsseldə törədilən partlayışların İŞİD qruplaşması tərəfindən həyata keçirildiyini bildirərək, qruplaşmaya qarşı hərbi əməliyyatların davam edəcəyi təqdirdə, daha genişmiqyaslı terror hücumları törədiləcəyini açıqlayıb.
Videonun ikinci hissəsində isə İŞİD-in Hollandiya əsilli üzvü Hiçam Çaib Belçika başda olmaqla, bütün Avropa ölkələrindən qruplaşmaya qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib. Bu arada, ABŞ-ın Daxili Təhlükəsizlik Komitəsi hesabatında son dövrlər dünyanın bir çox nöqtəsindən İŞİD üzvü olmaq istəyənlərin sayında artım olduğunu, hazırda qruplaşmada 120 ölkədən 38 min 200 nəfər üzvün olduğunu qeyd edib.
Hesabata əsasən Qərb ölkələrindən olan İŞİD üzvlərinin sayı isə 6 min 900 nəfər təşkil edir. Sözü gedən sənəddə təkcə 4 Avropa ölkəsindən olan İŞİD-çilərin sayının 3 min 800 nəfər olduğu göstərilib. Ölkələr üzrə statistikaya əsasən Fransadan 800, İngiltərə və Almaniyadan ümumilikdə 760, Belçikadan isə son dövrlərdə 470 nəfər İŞİD sıralarına qoşulub. Onların ümumi yaş həddi isə 20-dən aşağıdır.