Hüquq müdafiəçisi İntiqam Əliyev azadlığa buraxıldı
Ali Məhkəmədə hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı Baş Prokurorluğun kasasiya şikayətinə baxılıb. APA TV-nin məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini Namiq Əsgərov müdafiə edib. Şikayət müzakirə olunduqdan və müdafiə tərəfinin çıxışı dinlənildikdən sonra məhkəmə İntiqam Əliyevin azadlığa buraxılmasına dair qərar qəbul edib. Qərara əsasən, hüquq müdafiəçisinin cəzası 5 il şərti cəza ilə əvəzlənib və o azadlığa buraxılıb.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Bir neçə gün əvvəl isə baş prokuror Zakir Qaralov əlavə kassasiya protesti ilə məhkəməyə müraciət edib. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub.