Obama Ərdoğanla görüşdən imtina etdi

ABŞ prezidenti Barak Obama Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla təkbətək görüşdən imtina edib. APA TV-nin xəbərinə görə, bu barədə "The Wall Street Journal" Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.


Nəşrin bildirdiyinə görə, yaxın günlərdə keçiriləcək Nüvə Sammitində iştirak etmək üçün Birləşmiş Ştatlara səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev rəhbərini Merilend ştatında inşa edilən məscidin açılışına dəvət etsə də, Barak Obama bu dəvətdən imtina edib.

Bundan əlavə keçiriləcək nüvə sammiti çərçivəsində də Barak Obamanın R. T. Ərdoğanla görüş keçirəcəyi planlaşdırılmır.

"Ağ Ev"də isə prezidentin görüşdən imtina etməsini hörmətsizlik kimi dəyərləndirməyə ehtiyac olmadığı qənaətindədirlər. Onlar bu mövqedən hər iki liderin "Böyük 20-lik" ölkələrinin ötən ilin noyabrındakı sammiti zamanı görüşdüyünü, fevral ayında isə aralarında telefon danışığının olduğunu əsas gətirərək, belə bir fikir irəli sürüb. Öz növbəsində Türkiyə Prezidentinin Administrasiyasından məsələyə hələlik heç bir şərh verməyərək, onlarda ABŞ prezidenti Barak Obamanın görüşdən imtinası ilə bağlı məlumatın olmadığını söyləməklə kifayətləniblər.

Xatırladaq ki, bu ilin fevralında Türkiyə prezidenti ölkəsinin Suriyadakı kürdlərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda kritik cəhətdən önəmli dəstəyin göstərilmədiyi səbəbi ilə rəsmi Vaşinqtonun ünvanına tənqidi bəyanatlar səsləndirib. O, eyni zamanda Birləşmiş Ştatların Suriya kürdlərinə dəstək verməsini anlamadıqlarını da dilə gətirib.

Müəllif | Apa.Tv
Apa.tv