Bayramdan sonra bazarlar - QİYMƏTLƏR NECƏDİR?
Artıq Novruz bayramı geridə qalıb. Hər il olduğu kimi bu il də bayram ərəfəsində paytaxtın kənd təsərrüfatı məhsulları bazarında qiymətlər obyektiv olaraq bahalaşıb. Bəs görəsən, bayramdan sonra bazarlarda qiymətlər necədir? Apardığımız müşahidələrdən gəldiyimiz ilk qənaət belədir - bazarlarda alıcı qıtlığı var. Satıcılar deyir ki, bu il meyvə-tərəvəzin qiymətində ciddi bahalıq olmayıb, amma alıcı sayı əvvəlki illərə nisbətən xeyli azdır. Alıcıların sayı az olsa da, bayram ərəfəsində paytaxt sakinlərinin alıcılıq qabiliyyəti yüksək olub. Satıcıların sözlərinə görə, bayram tətili günləri ilə müqayisədə qiymətlərin aşağı düşsə də, əhalinin alıcılıq qabiliyyəti yüksəlməyib.
İndi isə qiymətlərlə tanış olaq. Bayramın təsir etmədiyi məhsullardan biri ət məhsullarıdır. Satıcılar da belə deyir: "Ətin qiymətində heç bir dəyişiklik yoxdur. Dana əti 7 manat, quzu əti 9 manatdır. Bu qiymət uzun müddətdir ki, dəyişmir.
"İsmayıllı toyuğu 3.50 qəpikdir, Oğuzdan gətirilmiş toyuq isə 4.50 qəpikdir. Broyler toyuqlarının qiyməti isə 2.80 qəpik təşkil edir".
Dəniz sahilində yerləşən paytaxtda balıq məhsullarına tələbat həmişə yüksək olub. Elə indi də balıq məhsulları satılan piştaxtanın önündə qələbəlik yaşanır. Qiymətlərə gəlincə...
"Naxçıvandan gətirilmiş sazanın kilosu 8 manatdır. Bir də bunun yetişdirilmə növü olur, onun kiloqramı isə 6 manatdır. Kefalın kiloqramı 7, kütümün kilosu 7-8 manat arası , forelin kilosu 10-11 manat, sudak 7- 10 manat arası, ilan balığının bir ədədi 60 qəpik, bej balığının kilosu 13 manatdır. Qiymətlərə havaların da təsiri var".
Ən çox tələbat olan tərəvəz növlərinin qiymətində elə bir ciddi dəyişiklik yoxdur. Gədəbəy kartofunun bir kiloqramı 1.20 qəpiyə satılır. Tovuz və Şəmkirdə becərilmiş kartof 80 qəpik, Rusiyyadan gətirilmiş kartofun qiyməti 60 qəpikdir. Soğanın qiyməti isə 60-80 qəpik arası dəyişir. Kələmin bir kiloqramı 50 qəpik, gül kələmi 1.50 qəpik, çuğundur 70-90 qəpik, yerkökü 60 qəpik, yerli badımcanın bir kiloqramı 3.50 qəpik, İrandan gətirilmiş istixana badımcanının qiyməti isə 2 manatdır.
Bazarda nübarlıq tərəvəzlər də var. Yaşıl lobyanın bir kiloqramı 12 manata, Zirə pomidoru və Zirə xiyarının bir kiloqramı 4 manata təklif olunur. Kənd yumurtası 20 qəpikdir, göyərtinin 8 dəstəsi 1 manata sarılır. Yeri gəlmişkən, yazın ilk ayı olduğundan göyərti məhsulları əvvəlki aylara nisbətən daha boldur. Nəhayət acı və şirin bibərin bir dənəsi 30 qəpikdən satılır.
Alıcılara gəldikdə isə, qiymətdən razı olanlar da var, olmayanlar da.
"Bazara əslində toyuq almağa gəlmişdim. Kənd toyuqları ilə maraqlandım, hamısını sarı rəgnə boyayıblar qiymətləri də baha, almadım".
"Yox, qiymətlər yaxşıdır. Əslində şikayətçi deyiləm. Min bir əziyyətlə yetişdirilir. Neçəyə satılmalıdır ki? Şükür pis deyil, hələlik dolanırıq. Hamı necə, biz də elə".
Bayram ərəfəsində kəskin şəkildə bahalaşan meyvələrin qiyməti hələ ucuzlaşmayıb. "Yaşıl bazar"da Göyçay narının bir kiloqramının qiyməti 1.50 - 4 manat arası dəyişir. Heyvanın bir kiloqramı 7 manata, portağal 2 manata, naringi 3 manata satılır. Düşes sortu armud 3.5 manata, nar armudu 4 manata təklif edilir, almaların qiyməti sortundan, ölçüsündən və keyfiyyətindən asılı olaraq 2-3 manat arası dəyişir. Bazarda nübarlıq çiyələk də var, 600 qramı 7 manata satılır.
Satıcılar qiymətlərin getdikcə ucuzlaşacağını deyir, alıcılar isə buna ümid edir. Marketoloqlar isə deyir ki, bayramdan sonra kənd təsərrüfatı məhsullarının ucuzlaşması qaçılmazdır. Bu həm yaz mövsümünün gəlişi, həm bayramdan sonra alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah olunur. İstənilən halda bazara gedirsənsə, əlin cibində olmalıdır.
Əliniz də, cibiniz də bərəkətli olsun!