İntiqam Əliyev azadlığa çıxdı

Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

APA TV-nin məlumatına görə, Ali Məhkəmə plenumunun İntiqam Əliyevlə bağlı martın 28-də qəbul etdiyi qərar icra olunub.

 

Qeyd edək ki, Ali Məhkəmənin plenumunun baş prokuror Zakir Qaralovun İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib.

 

Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib. Plenum kassasiya protestini təmin edib.

 

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması haqda qərar qəbul edilib.

 

İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bir müddət əvvəl isə Zakir Qaralov əlavə kassasiya protesti ilə məhkəməyə müraciət edib. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub.

 

Azadlığa buraxılan İntiqam Əliyev jurnalistlərə deyib ki, yenidən öz fəaliyyətimi davam etdirəcək. O, hüquq müdafiəsi təşkilatlarına təşəkkürünü bildirib.

 

Müəllif | Apa.Tv