Prezident İlham Əliyev qalib idmançılarla görüşdü
Prezident İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançıları, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb. Prezident İlham Əliyev bildirib ki, oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanıblar, onlardan 6-sı qızıldır. “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”, - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini söyləyib. Dövlət başçısı qeyd edib ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub, 2018-ci ildə isə Naxçıvan bu missiyanı yerinə yetirəcək. Ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyən prezident söyləyib ki, 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək. 2017-ci ildə isə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.
Ölkə başçısı deyib ki, hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir. “Heç bir dövrdə Azərbaycan idmanı indiki qədər güclü olmayıb”, - deyən dövlət başçısı müstəqillik illərində ölkəmizin bir çox uğurlara imza atdığını, Olimpiya sıralamasında Azərbaycanın 200 ölkə arasında 30-cu yerdə qərarlaşdığını bildirib.