Gözətçi evə getdi, oğrular universamı yardı - QAZAXDA MÜƏMMALI OĞURLUQ
Qazaxda ticarət mərkəzindən oğurluq edilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, mərkəzi bazarda fəaliyyət göstərən satış mərkəzindən gecə saatlarında oğrular əsasən gümüş qolbağlar, boyunbağılar aparıblar. Satıcıların sözlərinə görə, gözətçinin yaxınlığında olan qapıdan daxil olan oğrular əsasən Pərviz və Zəminə adlı rayon sakinlərinə məxsus köşkləri yarıblar.
Şüşə vitrinləri sındırmaqla soyuğunçuluq edən şəxslər daha bir vətəndaşa məxsus paltar satılan obyektdən isə təzə geyimlər götürərək şüşənin kəsdiyi əllərini siliblər.
Oğurluq hadisəsi baş verən gecə universamın gözətçisi saat 03.00 radələrində ərazini boş qoyaraq evinə gedib. Səhər işə gələn satıcılar isə pəncərələrin sınırıdığını və vitirinlərin boşaldığını görüblər. Satıcı Firuzə Əhmədova bildirib ki, gözətçi məhz sındırılan pəncərənin önündə yatır.
Faktla bağlı Qazax Rayon Polis şöbəsində araşdırma aparılır. Hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində tədbirlər görülür.