Masallıda 20 il məhkumluq həyatı yaşamış şəxsdən 7 kq narkotik götürüldü

Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakinindən külli miqdarda narkotik vasitə tutulub. Polis əməkdaşları Masallı-Yardımlı şosesinin 39-cu kilometrliyində hərəkətdə olan minik avtomobilini saxlayaraq onun saxlanc yerinə baxış keçirərkən oradan ümumi çəkisi 7 kiloqram olan müxtəlif növ narkotik maddə aşkarlayıb götürüblər. Həmin narkotik vasitənin avtomobildə sərnişin qismində əyləşmiş Masallı şəhər sakini, əvvəllər üst-üstə 20 ilədək məhkumluq həyatı yaşamış 49 yaşlı Fikrət Qurban oğlu Cabbarova məxsus olduğu müəyyənləşdirilib.

 

Dindirilmə zamanı Fikrət Cabbarov narkotik vasitəni şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib: "Orda kisə var idi. Amma baxmamışdım nə qədərdir. Özümün istifadə etməyim üçün idi. Əvvəlcə baxmadım. Götürəndə gördüm çoxdur. İranlı ilə də danışdım ki, nə qədər pul çatmasa, göndərərəm".

 

Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv