Şəhidin medalı anasına təqdim olundu
Müdafiə Nazirinin şəhid Qəfərəli Hacıyevi hərbi xidmətdə fərqlənməyə görə layiq gördüyü 3-cü dərəcəli medal şəhidin anasına təqdim olunub. APA TV-nin məlumatına görə, mərasim Yevlax rayon Qaraoğlan kəndində, şəhidin doğulduğu ünvanda təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, kənd sakinləri və Qəfərəli Hacıyevin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi iştirak edib. Müdafiə Nazirliyinin tərbiyə işləri idarəsinin rəisi, polkovnik Abdulla Qurbani hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı şəhidin anası Rüxsarə Hacıyevaya təqdim edib.
Qeyd edək ki, Qəfərəli Hacıyev Azərbaycan-Ermənistan dövlət sərhədində martın 27-də ermənilərin Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd edən düşmənin diversiya qrupunun qarşısını alarkən şəhid olub.
Şəhidin atası övladına verilən qiymətə görə təşəkkür edib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Müdafiə nazirimizə, hörmətli prezidentimizə minnətdaram ki, ölümündən sonra medal verdi. Vətən sağ olsun".
Şəhidin anası Rüxsarə Hacıyeva övladının qisasının alınacağına əmin olduğunu söyləyib: "Arzu edirəm ki balamın qanı yerdə qalmasın. Qalan əsgərlərimiz balamın qanın yerdə qoymasın. Onlara belə gün arzulamıram"
Xatırladaq ki, şəhid Qəfərəli Hacıyev dünən torpağa tapşırılıb.